Türkan Ələkbərova
Hüquq şöbəsinin mütəxəssisi
Cəmiyyətin Hüquq şöbəsinin mütəxəssisi Türkan Ələkbərova peşəkar fəaliyyəti, yüksək nizam-intizamı və nümunəvi xarakteri ilə Cəmiyyətdə xüsusi hörmət və rəğbət qazanmışdır. Həmkarımız həm şöbə daxilində, həm də Hüquq şöbəsi ilə digər şöbələr arasında kargüzarlığın təşkili və icrası üzrə müvafiq sənədləşmə işlərinin aparılmasında, xüsusəndə Cəmiyyət tərəfindən kontragentlərlə müqavilələrin bağlanması, həmçinin elektron sənəd dövriyyəsi üzrə işlərin icrasını operativ qaydada və xüsusi məsuliyyətlə yerinə yetirmişdir. Şöbə rəhbərliyi tərəfindən qarşıya qoyulan bütün tapşırıqların icrasını dəqiqliklə və yüksək səviyyədə təmin edən Türkan Ələkbərova könüllü əsaslarla fəaliyyət göstərən Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətində də yaxından iştirak etmişdir.
Əhmədov Rəfael
“Çovdar” filiz emalı sahəsinin Əməliyyat bölməsinin Qızıl otağının nəzarətçisi
“Çovdar” filiz emalı sahəsinin Əməliyyat bölməsinin Qızıl otağının nəzarətçisi Rəfael Əhmədov vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirərək, səmərəli fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. İşinə daim məsuliyyətlə yanaşan əməkdaşımız pandemiya ilə əlaqədar sərt karantin rejiminin hökm sürdüyü dövrdə istehsalat prosesinin davamlılığının təmin olunması məqsədilə xüsusi fəallıq nümayiş etdirmiş, qızıl və gümüş tərkibli xəlitələrin hazırlanması prosesində aktiv şəkildə iştirak etmişdir. Nəticədə müəssisənin aylıq istehsalat planı artıqlaması ilə həyata keçirilmişdir.
Xüsusi peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə malik olan Rəfael Əhmədov mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır.
Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.