Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) istehsalat prosesində mövcud maddi-texniki resurslardan mərkəzləşləşdirilmiş qaydada istifadə edilməklə, müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan “Ağyoxuş” yataqlar qrupu, “Mərəh” və “Tülallar”qızıl yataqlarının iqtisadi səmərəliliyinin təmin edilməsi məqsədilə 2020-ci ildə Çovdar Filiz Emalı Sahəsinin bazasında yaradılıb. Ümumilikdə istehsalat sahəsində “Çovdar” mədənin oksid və sulfid fazaları, “Ağyoxuş” yataqlar qrupu, “Mərəh” və “Tülallar” yataqlarından hasil edilən filizlərin emalı prosesi həyata keçirilməkdədir. Belə ki, 2017-ci ildə “AzerGold” QSC tərəfindən hasilat fəaliyyətinə başlanılan ilk mədən layihəsi – “Çovdar” oksid mədənindən hasil edilən qızıl və gümüş filizlərinin emalına Çovdar Filiz Emalı Sahəsində başlanılıb, 2021-ci ilə qədər ÇİRES-də davam etdirilib. 2020-ci ildə “Çovdar” sulfid və “Ağyoxuş-1”, 2021-ci ildə “Mərəh”, 2023-cü ildə isə “Tülallar” qızıl mədənlərindən hasil edilən filizlərin emalına ÇİRES-də başlanılıb. “Ağyoxuş” yataqlar qrupuna daxil olan “Ağyoxuş-1” mədənində hasilat işləri 2021-ci ildə başa çatdırılıb. 2024-cü ildə isə “Ağyoxuş-2” və satelit qızıl yataqlarının istismarına başlanılması nəzərdə tutulub.
ÇİRES-də maksimum effektliyin təmin edilməsi üçün aşağı dərəcəli (<1 q/t Au ) oksidli və aşağı dərəcəli tranzit filizlərin topa qələviləşdirmə (HPL - Heap leach pad), sulfidli, yuxarı dərəcəli (>1 q/t Au ) oksidli və yuxarı dərəcəli tranzit filizlərin isə çən aşındırma (CIL – Carbon in Leach) metodu ilə emalı nəzərdə tutulub.