Daşkəsən rayonunda yerləşən, regionun ən nəhəng dəmir filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsində hasilat işlərinə SSRİ dönəmində başlanılıb. Bu məqsədlə 1945-ci ildə “Daşkəsən Filiz İdarəsi” yaradılıb. İdarə yaradıldıqdan 9 il sonra dəmir filizi konsentratının istehsalına start verilib. Müəssisə müxtəlif illərdə fərqli adlarla, müxtəlif qurum və strukturların tabeliyində müəyyən fasilələrlə işləyib.
“Daşkəsən” dəmir filizi sahəsi 1954-cü ildən 1994-cü ilə qədər intensiv olaraq istismar edilib. 1994-cü ildən 2017-ci ilədək yataqda istismar işləri müəyyən fasilələrlə qismən aparılıb.
“Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-şərq”, “Şimal-qərb”, “Cənub-şərq”, “Cənub-qərb”, “Dəmirov”, “Dardərə”. Bunlardan "Şimal-şərq" yatağı Sovet dövründə tam istismar edilib. "Şimal-qərb" və "Cənub-şərq" yataqları isə qismən istismar edilsə də, ilkin mərhələdə açıq üsulla yenidən işlənməyə yararlıdır. "Cənub-qərb", "Dəmirov" və "Dardərə" yataqları isə ehtiyat kateqoriyasına aid perspektiv yataqlar hesab olunur.
"Şimal-qərb" və "Cənub-şərq" yataqları üzrə mineral ehtiyatların yenidən qiymətləndirilməsi nəticəsində yerin təkində olan resurslarda 67.37 mln. ton artım əldə edilib. Nəticədə sahə üzrə yerin təkində olan filiz ehtiyatlarının ümumi kütləsi 306.23 milyon ton olaraq qiymətləndirilib.
"Cənub-şərq" mədənində 2022-ci ildən üstaçma işlərinə başlanılıb.