“Tutxun” qızıl təzahürü sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. Sahə 1958-ci ildə kəşf olunub. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır.
“AzerGold” QSC tərəfindən işğaldan azad edilmiş ərazilərdə mövcud olan əlvan metal yataqları ilə bağlı araşdırmalar çərçivəsində 2022-ci ilin iyun ayından “Tutxun” qızıl təzahürü sahəsində mərhələli axtarış-qiymətləndirmə işlərinə başlanılıb. Lakin yerüstü tədqiqatları ərazilərin Ermənistan tərəfindən işğal-müharibə dövründə minalanması ilə əlaqədar sürətlə icra etmək qeyri-mümkündür. Torpaqların minalardan təmizlənməsi üçün tələb olunan vaxt itkisini qismən kompensasiya etmək məqsədi ilə “AzerGold” QSC innovativ kəşfiyyat metodlarından istifadə edir. Bu xüsusda, 2022-ci ildə təkcə Kəlbəcər rayonunu deyil, Laçın rayonunun da bir hissəsini əhatə edən 1624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv hiperspektral peyk çəkilişləri həyata keçirilib.