“DAŞKƏSƏN DƏMİR FİLİZ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamı ilə regionun ən nəhəng dəmir filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsinin istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edilib. 

Cənab Prezidentin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Cəmiyyətin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər vəzifələr əlavə edilib. 

Sözügedən sənədlərdən irəli gələn tapşırıqların icrası, ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində ilk dəfə olaraq törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edilib və dövlət qeydiyyatına alınıb. 

Məqsəd Səhmdar Cəmiyyətin irimiqyaslı layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir.

ddf.az

“AZERBLAST” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir.

“AzerBlast” 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin iki təsisçisi var. Təsisçilərdən biri Cəmiyyət, digəri isə “DM Servis” MMC-dir. Törəmə cəmiyyətin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi digər təsisçiyə məxsusdur.

“AzerBlast”ın yaradılmasında məqsəd mədənlərin hasilatı prosesində və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə daxili tələbatın ödənilməsi, idxaldan asılılığın aradan qaldırılmasıdır. Həmçinin MMC istehsal etdiyi məhsulların xarici bazarlara çıxarılmasını, ölkəmizin ixrac potensialının artırılmasına töhfə verməyi qarşıya hədəf qoyub. Bu məqsədlə 28 dekabr 2023-cü il tarixində “AzerBlast” MMC tərəfindən ölkəmizdə ilk dəfə Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodu sınaq rejimində istifadəyə verilib.

azerblast.az