“AzerGold” QSC-nin geoloqları tərəfindən BDU-nun tələbələri üçün ustad dərsləri keçirilib

17.04.2025

16:02

“AzerGold” QSC-nin geoloqları tərəfindən Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin tələbələri üçün növbəti ustad dərsləri keçirilib.

Tələbələri geologiya sahəsində, faydalı qazıntı yataqlarının axtarış-kəşfiyyat işlərində yeni trendlər, eləcə də müasir metallurji tədqiqat üsulları barədə məlumatlandırmaq, nəzəri biliklərini yeni məlumatlarla zənginləşdirmək məqsədilə təşkil edilən tədbirdə əvvəlcə Səhmdar Cəmiyyətinin müşaviri, Geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahbəddin Musayev “Azərbaycan Respublikasında nəcib və əlvan metal filizi yataqlarının istismarında tətbiq olunan metallurji metodların icmalı” mövzusunda mühazirə ilə çıxış edib. 

O, tələbələrə filiz yataqlarının kəşfiyyatı, resursların qiymətləndirilməsi, istismara cəlb edilməsi, fəaliyyətdə olan mədənlərin resurs potensialının artırılması məqsədilə aparılan aktiv və çoxprofilli geoloji tədqiqatlar barədə məlumat verib, hər bir yataq üzrə optimal emal və zənginləşdirmə metodologiyasının müəyyənləşdirilməsi üçün metallurji sınaqların həyata keçirildiyini diqqətə çatdırıb.

Daha sonra QSC-nin Geoloji kəşfiyyat şöbəsinin müdir müavini Nərminə Əsədovanın “Geologiyada idarəetmənin önəmi və geoloji layihələrdə idarəetmə prinsipləri” mövzusunda təqdimatı olub. 

O, layihələrin icrası zamanı düzgün planlaşdırma, resursların effektiv idarə edilməsi, risklərin hesablanması, komanda işi, kommunikasiya kimi mühüm faktorlardan danışıb.

Tədbir sual-cavab və mövzu ətrafında geniş fikir mübadiləsi ilə davam edib.

Xatırladaq ki, “AzerGold” QSC və BDU arasında əməkdaşlığın hüquqi bazasını 2019-cu ildə tərəflər arasında imzalanmış əməkdaşlığa dair Protokol təşkil edir. 

Sənədə əsasən, illik əsasda hazırlanan birgə fəaliyyət planlarına uyğun olaraq ali məktəbin müvafiq ixtisaslar üzrə tələbələrinin nəzəri və praktiki bilik, bacarıqlarının artırılması məqsədilə ustad dərsləri təşkil edilir, onların istehsalat təcrübəsi keçməsi üçün zəruri şərait yaradılır.