“AzerGold”un təşkilatçılığı ilə Daşkəsən rayonunda sayca 6-cı tibbi müayinə aksiyasına başlanılıb

04.09.2026

15:00

“AzerGold” QSC-nin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda üç günlük səyyar tibbi müayinə aksiyasına start verilib.

“Öncə sağlamlıq!” devizi altında keçirilən aksiya çərçivəsində “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər kəndlərin sakinləri ödənişsiz tibbi xidmətlərdən yararlanırlar.

Aksiya çərçivəsində vətəndaşlar terapevt, oftalmoloq, kardioloq, pediatr və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunur, həmçinin ultrasəs müayinəsi (USM), elektrokardioqrafiya (EKQ) və zəruri laborator analizlərdən keçirlər.

Bununla yanaşı, sakinlərə müasir diaqnostik avadanlıqlarla təchiz edilmiş səyyar oftalmoloji klinikada xüsusi xidmətlər göstərilir. Klinikada ümumi göz müayinəsi, görmə qabiliyyətinin diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün müəyyənləşdirilməsi və digər ixtisaslaşmış oftalmoloji müayinələr həyata keçirilir.

Müayinələr zamanı hər hansı sağlamlıq problemi aşkarlanan, əlavə ixtisaslaşmış tibbi yardıma və ya stasionar müalicəyə ehtiyacı olan şəxslərə yerindəcə müvafiq tövsiyələr verilir, zəruri hallarda onların aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin olunur.

Qeyd edək ki, 2021-ci ildən etibarən mütəmadi olaraq təşkil edilən səyyar tibbi müayinə aksiyaları ucqar kənd sakinlərinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik müayinə mədəniyyətinin təşviqi məqsədi daşıyır.

Bu günədək keçirilmiş aksiyalar çərçivəsində ümumilikdə 2 936-dan çox vətəndaş tibbi müayinələrdən keçib və onlara 11 890-dan çox tibbi xidmət göstərilib.