“AzerGold” “Nizami Gəncəvi İli” çərçivəsində milli mədəniyyətimizin təbliğinə töhfə verib
19.12.2021
18:22
Dekabrın 18-də Mədəniyyət Nazirliyinin dəstəyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin baş sponsorluğu ilə Akademik Milli Dram Teatrında “Nizami Gəncəvi İli” çərçivəsində hazırlanmış “İsgəndərə yeni namə” tamaşasının premyerası olub.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, ədəbi əsərin müəllifi İlqar Fəhmidir.
“İsgəndərə yeni namə” layihəsi Nizami irsinin teatr sənəti vasitəsilə retranslyasiyasını hədəfləyir. Layihənin əsas məqsədi Nizami fəlsəfəsini müasir sənət düşüncəsi müstəvisində aktuallaşdırmaqdır. Yazıçı-dramaturq İlqar Fəhminin Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının motivləri əsasında tərtib etdiyi yeni ədəbi əsas – “İsgəndərə yeni namə” poemasının xəyali sequelidir. Tamaşada poemadakı hadisələr xətti alternativ istiqamətdə davam etdirilir.
Dövlət rəsmilər, mədəniyyət və incəsənət xadimlərinin izlədiyi premyera maraqla qarşılanıb. Qeyd edək ki, Akademik Milli Dram Teatrında tamaşanın seansları davam edəcək.