Zərgərlər və standartlaşdırma mütəxəssisləri “Xəzinə” muzey ekspozisiyasını ziyarət ediblər

31.05.2024

15:46

Mayın 30-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə Şirvanşahlar Sarayı Kompleksində yerləşən “Xəzinə” muzey ekspozisiyasına ekskursiya təşkil edilib.

Milli zərgərlik sənəti və numizmatika nümunələrinin təbliği məqsədilə təşkil edilən ekskursiyada Azərbaycan Zərgərlər Assosiasiyası, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılması üzrə Texnik Komitə, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs, həmçinin ölkəmizdə səfərdə olan bir sıra Avropa, Asiya, Afrika və Cənubi Amerika dövlətlərinin standartlaşdırma orqanlarının rəhbər şəxsləri iştirak ediblər.

Qonaqlara muzey ekspozisiyasında nümayiş olunan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Fond kolleksiyasına aid qədim zərgərlik məmulatları, pul nişanları, eləcə də müasir dövrdə “AzerGold” QSC tərəfindən yerli qızıl və gümüşdən müxtəlif çəkilərdə, ən yüksək əyarda istehsal edilmiş, milli-mədəni irsimizin təbliğinə həsr olunmuş, “İçərişəhər” qızıl sikkəsi də daxil olmaqla, sikkə kolleksiyaları barədə ətraflı məlumat verilib, ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.

Muzey ekspozisiyası ilə tanışlıqdan məmnun qalan yerli və əcnəbi ziyarətçilər tarixi qədim dövrlərədək uzanan Azərbaycan zərgərliyinin nəfis nümunələri, həmçinin bu ənənələrə sadiqliyin ifadəsi olaraq “AzerGold” QSC tərəfindən istehsal edilən qızıl və gümüş sikkələrin zərif naxış və elementləri ilə onlarda xoş təəssüratlar yaratdığını diqqətə çatdırıblar.
Qeyd edək ki, “Xəzinə” muzey ekspozisiyası cari ilin 21 may tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə Şirvanşahlar Sarayı Kompleksində yaradılıb. Muzeyin yaradılmasında əsas məqsəd ölkəmizin qədim zərgərlik ənənələri və numizmatika irsinin qorunması və davamlı təbliğidir.