RİİB-in könüllüləri üçün Çovdar yatağına tanıtım səfəri təşkil olunub
31.07.2019
07:00
26 iyul tarixində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi könüllülərinin “AzerGold” QSC-nin istismar etdiyi Çovdar yatağına məlumat səfəri təşkil olunub. Gənclərin fərdi inkişafına dəstək verilməsi, bilik və dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə təşkil olunan səfərdə RİİB-in Gəncə-Qazax regionundan olan 50-yə yaxın könüllü iştirak edib. Səfər zamanı könüllülərə Çovdar filiz emalı yatağı barədə ətraflı məlumat verilib, eləcə də onlara istehsalat prosesi ilə əyani şəkildə tanış olmaq imkanı yaradılıb. İnfotur zamanı könüllüləri maraqlandıran suallar Cəmiyyətin mütəxəssisləri tərəfindən cavablandırılıb.
Məlumat üçün bildiririk ki, RİİB və “AzerGold” QSC arasında qurulmuş səmərəli əməkdaşlıq çərçivəsində hər iki qurumun birgə təşkilatçılığı ilə daha əvvəl 100-dən çox fermer üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında “Fərdi aqrar təsərrüfatlarının iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlimlər təşkil edilmişdir.