Naxçıvanda “AzerGold” məhsullarının sərgi-səyyar satış günləri keçirilib

20.11.2026

14:30

Naxçıvan şəhərində “AzerGold” QSC-nin istehsalı olan qızıl və gümüş məhsullarının sərgi-səyyar satış günləri təşkil edilib.

Üç gün davam edən tədbirin əsas məqsədi yerli sakinləri “AzerGold” brendi altında istehsal olunan məhsullarla yaxından tanış etmək, Azərbaycan istehsalı olan qiymətli metal məhsullarını daha geniş auditoriyaya təqdim etmək və onların əlçatanlığını artırmaq olub.

Sərgi-səyyar satış günləri çərçivəsində ziyarətçilərə müxtəlif çeşiddə qızıl və gümüş məhsullarını təqdim edilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş, “Smartminting” texnologiyası ilə üçölçülü formatda hazırlanmış “100 il və onun fövqündə bir irs” adlı unikal qızıl sikkə, “Naxçıvan” və “Qarabağ” kolleksiyası, Azərbaycanın təbiətini, tarixini, incəsənətini, müasirliyini və qədim ənənələrini əks etdirən ümumilikdə 27 çeşiddə sikkə ziyarətçilərin böyük marağına səbəb olub.

Tədbir çərçivəsində xüsusi maraq doğuran məhsullardan biri də Naxçıvan memarlıq məktəbinin banisi, dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin zəngin irsinə həsr edilmiş xüsusi relyefli, üçölçülü gümüş xatirə sikkəsi olub. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış, görkəmli memarın 900 illik yubileyinə ithaf edilmiş bu xüsusi buraxılış ziyarətçilər tərəfindən maraqla qarşılanıb. 

İştirakçılar sərgilənən məhsulların çeşidi, dizayn xüsusiyyətləri və əldə olunma imkanları barədə ətraflı məlumat almaq, həmçinin bəyəndikləri məhsulları tədbir məkanında satın almaq imkanı əldə ediblər.

Qeyd edək ki, dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadi potensialının reallaşdırılması, sahibkarlıq mühitinin təşviqi və regionun ölkə iqtisadiyyatına inteqrasiyasının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər bu kimi təşəbbüslərin genişlənməsi üçün əlverişli imkanlar yaradır. Bu baxımdan, “AzerGold” məhsullarının Naxçıvanda təqdim edilməsi milli istehsalın təşviqi və region sakinlərinin yerli brendlərə çıxış imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır. “AzerGold” QSC qızıl və gümüş məhsullarının marketinq və pərakəndə satışına dair 2026–2028-ci illər üzrə strategiyasına uyğun olaraq, Naxçıvanla yanaşı, ölkəmizin müxtəlif regionlarında qiymətli metal məhsullarının tanıdılması və sərgi-səyyar satış günlər çərçivəsində satış imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.