“AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir

07.11.2026

17:00

Son günlər “AzerGold” QSC-nin bir sıra əməkdaşlarının ad və fotoşəkillərindən istifadə edilməklə saxta profillər yaradılması və “WhatsApp” platforması vasitəsilə kiberdələduzluq cəhdlərinin həyata keçirilməsi halları qeydə alınıb.

Belə ki, naməlum şəxslər saxta profillər vasitəsilə özlərini Cəmiyyətin əməkdaşları kimi təqdim edərək müxtəlif şəxslərlə əlaqə qurur, onların adından fərqli məzmunlu mesaj və müraciətlər göndərirlər. Bu cəhdlərin məqsədi şəxsləri müxtəlif tapşırıqları yerinə yetirməyə sövq etmək, şəxsi və bank məlumatlarını, eləcə də maliyyə vəsaitlərini ələ keçirməkdir.

“AzerGold” QSC əməkdaşlarını, işgüzar tərəfdaşlarını və ictimaiyyəti bu kimi hallara qarşı diqqətli olmağa çağırır. Şübhəli mesajlara cavab verilməməsi, naməlum keçidlərə daxil olunmaması, göndərilən faylların açılmaması, şəxsi, bank və xidməti məlumatların üçüncü şəxslərlə paylaşılmaması tövsiyə olunur. Hər hansı müraciətin həqiqiliyini dəqiqləşdirmək üçün yalnız əvvəlcədən məlum olan rəsmi əlaqə vasitələrindən istifadə edilməlidir.

Saxta profillərlə qarşılaşdıqda, mövcud yazışma və digər sübutların qorunması, həmçinin bu barədə dərhal Cəmiyyətə və müvafiq hüquq-mühafizə orqanlarına məlumat verilməsi xahiş olunur.

“AzerGold” QSC əməkdaşlarının ad və fotoşəkillərindən icazəsiz istifadə edilməsini, eləcə də bu yolla həyata keçirilən dələduzluq cəhdlərini qətiyyətlə pisləyir və hər kəsi informasiya təhlükəsizliyi qaydalarına riayət etməyə, şübhəli müraciətlərə qarşı ayıq-sayıq olmağa çağırır.