“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında geotexniki monitorinq texnologiyasını tətbiq edib
07.09.2026
11:00
“AzerGold” QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə müasir geotexniki monitorinq texnologiyasının tətbiqinə başlayıb. Mədənin geotexniki qeyri-sabitliyi və müxtəlif ekzogen-geoloji proseslərin aktivliyi nəzərə alınaraq, proseslərə fasiləsiz nəzarət məqsədilə “GroundProbe SSR-OMNI” yamac dayanıqlığının radar monitorinq sistemi işə salınıb.
Erkən xəbərdarlıq funksiyasına malik sistem mümkün riskləri əvvəlcədən müəyyən etməyə və sürüşmə təhlükəsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyə imkan verir. Sistemin tətbiqi istehsalat proseslərində insan həyatının, işçi heyətin və ağır texnikanın təhlükəsizliyinin təmin olunmasına, eləcə də mümkün sürüşmələr səbəbindən yaranacaq fasilə və əlavə xərclərin qarşısının alınmasına xidmət edir.
Yatağın istismarı ilə yanaşı, filizin emalı üzrə texnoloji həllərin formalaşdırılması istiqamətində də işlər davam etdirilir. Söyüdlü filizinin mineralogiyası və metallurgiya xüsusiyyətləri, həmçinin aparılan sınaqların nəticələri əsasında ilkin emal mərhələsində flotasiya texnologiyasının tətbiqinin zəruri olduğu müəyyən edilib. Bu məqsədlə müasir flotasiya emal kompleksinin yaradılması imkanları üzrə texniki və iqtisadi qiymətləndirmələr aparılır.
Mədənin istismara verilməsi ölkənin dağ-mədən sektorunda istehsal potensialının yüksəldilməsinə və dövlət büdcəsinə daxilolmaların artırılmasına töhfə verməklə yanaşı, Kəlbəcər rayonunda yeni iş yerlərinin yaradılmasına, yerli iqtisadi fəallığın və sosial inkişafın dəstəklənməsinə şərait yaradacaq.
Layihənin ilkin istismar və tikinti mərhələsini əhatə edən 2026–2029-cu illərdə birbaşa və dolayı yolla təxminən 700 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Söyüdlü mədəninin tam istismar mərhələsinə keçməsindən sonra isə birbaşa və dolayı məşğulluğun 1 300 nəfərdən çox olacağı gözlənilir.


