"AzerGold" QSC və BDU arasında illik fəaliyyət planı müzakirə olundu

18.02.2020

06:00

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev arasında görüş olub.
“AzerGold” QSC və BDU arasında imzalanmış protokola uyğun olaraq keçirilən görüşdə illik müştərək fəaliyyət planı müzakirə edilib.
Protokola uyğun olaraq universitetdə “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı təqdimatın keçirilməsi, gənc mütəxəssislər üçün “Universitetdən karyeraya uğurlu keçid” mövzusunda seminarların təşkili, təhsil müəssisəsi tərəfindən keçiriləcək Karyera həftəsində “AzerGold” QSC-nin əməkdaşlarının iştirakının təmin edilməsi, o cümlədən cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun ixtisasları üzrə təhsil alan tələbələrinin istehsalat təcrübəsinə göndərilməsi reallaşdırılacaq.
Görüşdə, həmçinin “AzerGold” QSC-nin əməkdaşları tərəfindən hazırki tədris ili ərzində BDU-da təhsil alan tələbələr üçün müvafiq proqramlar üzrə master-klassların təşkili, tələbələrə geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri mövzusunda təlim-seminarın keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Sonda “AzerGold” QSC-nin nümayəndələri universitetin Geologiya və Coğrafiya fakültələrində olub, "Faydalı qazıntılar" muzeyini ziyarət ediblər.