“AzerGold” QSC-də yanğın təhlükəsizliyi qaydaları barədə təlim keçirildi

31.10.2019

03:00

29 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) inzibati binasında yanğın təhlükəsizliyi qaydaları barədə nəzəri və praktiki hissələrdən ibarət təlim keçirib.

Təlimin nəzəri hissəsində adıçəkilən qurumların əməkdaşları “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “Odsöndürənlərdən istifadə qaydası” və digər mövzularda çıxış ediblər. Həmçinin yanğın zamanı əməkdaşların binadan təxliyə planı və digər məsələlərlə bağlı maarifləndirici məlumatlar verilib.

Təlimin praktiki hissəsində isə şərti yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıblar. Şərti yanğın baş vermiş binada insanların təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülməsi həyata keçirilib, binada qalmış əməkdaşlar xilas edilib.