“AzerGold” QSC-də Respublika Günü qeyd olunub
03.06.2019
03:00
27 may tarixində “AzerGold” QSC-nin baş ofisində 28 May – Respublika Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 28 may 1918-ci ili 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvələrində vətənimizdə müşahidə olunan parlaq yüksəlişin məntiqi davamı adlandıraraq, çox az yaşamasına rəğmən Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə silinməz bir iz qoyduğunu vurğulayıb. Ulu Öndərin rəhbərliyi və himayəsi altında 70-80-ci illərdə müşahidə olunan hərtərəfli inkişafın nəticəsi olaraq Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyini bildirən sədr, hazırda dövlət başçısının uğurlu rəhbərliyi sayəsində ölkəmizin hər bir azərbaycanlının iftixar və sevinc mənbəyinə çevrildiyini diqqətə çatdırıb. Tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə oynadığı roldan geniş söhbət açıb, onun müasir Azərbaycanın müstəqillik əldə etməsi üçün münbit zəmin yaratdığını qeyd ediblər.
Daha sonra Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə Baku Media Center tərəfindən çəkilən “Son İclas” bədii-sənədli filmi nümayiş olunub.