Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Sərəncam imzalanıb
23.12.2024
18:23
23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Eyni zamanda Cəmiyyət beynəlxalq standartlar nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı sahəsində milli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.