“AzerGold” QSC və ADA Universiteti əməkdaşlıq əlaqələrini genişləndirəcək
22.02.2020
02:00
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ADA Universitetində görüş keçirilib.
Görüşdə Səhmdar Cəmiyyət və ADA Universiteti arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müzakirə olunub.
Ali məktəbin prorektoru Fariz İsmayılzadə qonaqları salamlayaraq “AzerGold” QSC-nin ADA Universitetinin əsas tərəfdaşlarından olduğunu xatırladıb. F.İsmayılzadə qeyd edib ki, Səhmdar Cəmiyyət ADA tələbələrinin inkişafına dəstək olaraq onları təcrübə proqramları ilə təmin edir.
“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini X.Fərzəliyev müzakirə zamanı illik fəaliyyət planı barədə məlumat verib. Universitetin Karyera İdarəetmə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində görülə biləcək işlərdən bəhs edən X.Fərzəliyev ADA Universitetinin tələbələrinin Səhmdar Cəmiyyətin balansındakı Çovdar Filiz Emalı Sahəsinin iş prinsipi ilə yaxından tanış olması üçün səfərin təşkil edilməsi təşəbbüsü ilə çıxış edib.
Görüş zamanı, həmçinin, “AzerGold” QSC-nin Strateji planlaşdırma və biznesin inkişafı və İnsan resurslarının idarəolunması şöbələrində təcrübə proqramı keçən ADA Universitetinin tələbələri təəssüratlarını bölüşüblər.
Sonda tərəflər həyata keçirilən əməkdaşlığın tələbələrin bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyətini qeyd edib, bu xüsusda birgə tədqiqat layihələrinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.