“AzerGold” QSC-nin geoloqları 74-cü Türkiyə Geoloji Qurultayında iştirak ediblər

20.04.2022

14:23

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi ilə şirkətin və onun törəmə müəsisisəsi olan “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) gənc geoloqları 74-cü Türkiyə Geoloji Qurultayında iştirak ediblər.

Türkiyənin “Maden Tetkik Arama” İdarəsinin təşkilatçılığı ilə Ankara şəhərində keçirilən qurultayda ölkəmizi Cəmiyyətin Geoloji kəşfiyyat şöbəsinin əməkdaşları Nabat Qocayeva, Samir Verdiyev, Şamil Zabitov, həmçinin “Daşkəsən Dəmir Filiz” MMC-nin geoloqları Röya Əliyev, Coşqun İsmayıl təmsil edib. Onlar müvafiq olaraq, “Yeni kəşf edilmiş “Ağyoxuş” qızıl yatağının geoloji və mineroloji xüsusiyyətləri”, “Filizçay” polimetal yatağının filiz geokimyası və minerallaşması”, “Göydağ” yatağında minerallaşma strukturu”, “Daşkəsən dəmir filizi yataqları qrupunun cənub-şərq minerallaşmasının geologiyası” və “Gədəbəy qızıl-gümüş-mis yatağının maye daxilolmaları” mövzularında məruzə və təqdimatlarla çıxış ediblər. Qeyd edilən məruzələrin qurultayın nəticələrinə həsr olunmuş elmi jurnalda dərc edilməsi nəzərdə tutulur.

Geoloqların elmi təqdimatları, o cümlədən nümayiş etdirilən mədən xəritələri və 3D modellər münsiflər heyəti və tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Gənc tədqiqatçılar elmi qurultayda iştirak edən mütəxəssislərin “AzerGold” QSC-nin fəaliyyəti və mədən layihələri barədə ünvanladıqları çoxsaylı sualları cavablandırıb, Türkiyənin müxtəlif mədənçilik şirkətlərinin nümayəndələri ilə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Cəmiyyət tərəfindən geologiya və dağ-mədən sənayesi üzrə elmi potensialın dəstəklənməsi, beynəlxalq təcrübə və standartların təşviqi davam etdiriləcək.