“AzerGold” QSC-də Xocalı faciəsi ilə əlaqədar anım tədbiri keçirilib

26.02.2020

06:00

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) inzibati binasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir iştirakçıları Xocalı qətliamının qurbanlarını və Azərbaycanın müstəqilliyi uğurunda canından keçmiş şəhidləri bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədr müavini Xəyyam Fərzəliyev Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil oluğunu bildirib. Qeyd edilib ki, bu hadisə aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir.

Xəyyam Fərzəliyev Azərbaycan dövlətinin səyləri nəticəsində hazırda Xocalı soyqırımının 9 ölkə, eləcə də ABŞ-ın 21 ştatı tərəfindən tam və ya parlament səviyyəsində qətliam kimi tanındığını qeyd edib. Daha sonra bildirilib ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımılarını pisləyir, yolverilməz olduğunu təsdiqləyir. Sədr müavini bir vaxtlar Ermənistanda mühüm dövlət postları tutanların gec-tez soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verəcəklərinə əmin olduğunu vurğulayıb.

Tədbirin sonunda “Xocalı. Əsrin faciəsi” sənədli filmi nümayiş etdirilib.