“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb
30.05.2025
11:00
“AzerGold” QSC informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüb.
Belə ki, Səhmdar Cəmiyyətinin əsas rəqəmsal resursları tam şəkildə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirilib.
“AzInTelecom” MMC tərəfindən “AzerGold” QSC-yə “Virtual server – IaaS” (İnfrastructure-as-a-Service) və “Rezervlənmə – BaaS” (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin edilib. Bununla qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.
Qeyd edək ki, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərman imzalanıb. Fərmana uyğun olaraq dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
Xatırladaq ki, “AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.