Azərbaycan və BƏƏ arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14.09.2026
19:00
Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması mərasimi keçirilib.
Mərasim çərçivəsində Azərbaycan və BƏƏ arasında bərpaolunan enerji, investisiya, rəqəmsal infrastruktur və süni intellekt, qaz və digər sahələrdə əməkdaşlığı əhatə edən bir sıra sənədlər imzalanıb.
İmzalanan sənədlər sırasında “AzerGold” QSC ilə “Terra Mining Ltd” arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş” də yer alıb.
Sözügedən sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və "International Resources Holding"in (IRH) Baş icraçı direktoru direktoru Əli Rəşid Əl-Rəşdi imzalayıblar. Qeyd edək ki, “Terra Mining Ltd” şirkəti IRH-in törəmə şirkətidir.

