“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

26.07.2023

17:03

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda növbəti səyyar tibbi müayinə aksiyası keçirilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cu ildönümünə həsr olunmuş, “Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada “Çovdar” qızıl mədənin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər  kəndlərin sakinləri 3 gün müddətinə ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıblar. Aksiya çərçivəsində peşəkar həkim briqadası tərəfindən 340 nəfər sakin ümumi cərrah, LOR, terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyin ümumi analizi, ambulator qan təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələrindən keçirilib. Qeyd olunan istiqamətlər üzrə sakinlərə ümumilikdə 1436 xidmət göstərilib.

Qeyd edək ki, mütəmadi olaraq keçirilən səyyar tibbi müayinə aksiyası ucqar kənd sakinlərinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, xəstəliklərin erkən diaqnostikası və profilaktik müayinə mədəniyyətinin təbliği məqsədi daşıyır. 2021-ci ildən etibarən həyata keçirilən aksiyalar zamanı ümumilikdə 1700 nəfərə yaxın Daşkəsən sakini ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıb. Müayinələr əsnasında müxtəlif diaqnozlar aşkarlanan vətəndaşlara müvafiq müalicə kursları təyin edilib.

Xatırladaq ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndlərin sakinləri “AzerGold” QSC tərəfindən mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətləri üzrə icra edilən layihələrdən faydalanırlar. Məqsəd bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsi, bu istiqamətdə icra edilən dövlət siyasətinə əlavə töhfə verməkdir.