Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib

25.10.2023

17:54

25 oktyabr 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının Hökuməti və Hindistan Respublikasının Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.

Azərbaycanı iclasda Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Hindistan tərəfini isə sənaye və ticarət üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın həmsədri xanım Anupriya Patel təmsil edib.

İclasda “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov da iştirak edib.

Tədbirdə Azərbaycanla Hindistan arasında müxtəlif sahələrdə işgüzar əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən iqtisadiyyat, sənaye və ticarət, ətraf mühit, dağ-mədən, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdən sonra Hindistan-Azərbaycan ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokolu imzalanıb.