“AzerGold” QSC-nin İdarə Heyətinin sədri “Gəncə” VK-nın təlim-məşq bazasında olub

21.12.2024

14:39

21 dekabr tarixində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov  Gəncə İdman Sarayında Səhmdar Cəmiyyətinin baş sponsoru olduğu “Gəncə” Voleybol Klubunun komanda üzvləri ilə görüşüb. 

Qeyd edək ki, “Gəncə” Voleybol Klubunun təlim-məşq bazası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2024-cü ilin 9 aprel tarixində istifadəyə verilən Gəncə İdman Sarayında təşkil olunub. 

Dövlət başçısının müvafiq Sərəncamına əsasən inşa edilən Saray dövlətin idmana hərtərəfli qayğısının daha bir nümunəsidir. Nəhəng idman kompleksində yaradılmış müasir infrastruktur Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin potensialının üzə çıxarılması baxımından vacib əhəmiyyət daşıyır. 

Görüşdə “Gəncə” VK-nın prezidenti Elvar Osmanov klubun təlim-məşq prosesindən bəhs edib, komanda üzvlərinin fiziki və psixoloji hazırlığının yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. 

Z.İbrahimov daha sonra “Gəncə” klubunun məşq prosesini izləyib, o cümlədən klubun Voleybol Akademiyasının yeniyetmə idmançıları və məşqçilərilə görüşüb. 

Klubun gələcək planları, ehtiyacları, heyətin gücləndirilməsi istiqamətində atılacaq addımlar barədə geniş fikir mübadiləsi aparılıb. 

2024-cü ilin kollektiv üçün uğurlu olduğunu bildirən Z.İbrahimov heyəti qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, klubun yeni ildə də yüksək nailiyyətlər əldə edəcəyinə inandığını bildirib və onlara uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.