“Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfrans keçirilib
23.06.2023
15:57
İyunun 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun və İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında “Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfransda təşkil edilib.
Konfransda Baş prokuror, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman), Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, KOBİA-nın sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, “AzerGold” QSC, məhkəmə, hüquq-mühafizə orqanları, insan hüquqları üzrə təsisatların yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların, biznes qurumlarının, vətəndaş cəmiyyəti, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak ediblər.
Konfrans zamanı biznes fəaliyyətinin şəffaflığı və müvafiq dəstək mexanizmləri, dayanıqlı inkişaf kontekstində məsuliyyətli biznes, dürüstlüklə biznes etmək – davamlı inkişafın açarı, korrupsiya ilə mübarizə və insan hüquqlarını qorumaq məqsədilə yeni yanaşmalar, özəl sektorda anti-korrupsiya standartları, cinayət aktivlərinin bərpası insan hüquqları və iqtisadiyyatın şəffaflığı kontekstində, şəffaf iqtisadiyyatda qadın sahibkarlığının inkişafı, şəffaflıq və ictimai nəzarət mövzularında çıxışlar edilərək, ətraflı müzakirələr və səmərəli fikir mübadiləsi aparılıb.