“AzerGold” QSC-nin rəsmi saytı 1-ci yerə layiq görülüb
18.02.2022
15:40
“Dövlət Qurumlarında İnformasiya Şəffafığının Ölçülməsi” Təşəbbüsü çərçivəsində 2021-ci il üzrə dövlət qurumlarının informasiya resurslarının informasiya açıqlığının vəziyyəti monitorinq edilib.
“Yayımların Monitorinq Mərkəzi” İctimai Birliyi tərəfindən rəsmi internet saytlarının onlayn şəffaflıq vəziyyəti 13 parametr və 59 qiymətləndirici meyar üzrə analiz olunub.
Monitorinq nəticələrinə əsasən, hazırlanan yekun hesabatda səhmlərinə nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərin reytinq cədvəli təqdim edilib.
Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin “www.azergold.az” saytı 62.75 faizlə siyahıda ilk pillədə qərarlaşıb.
Ümumilikdə isə dövlətə məxsus açıq və qapalı səhmdar cəmiyyətlərin rəsmi internet resurslarının istifadə imkanlarının rahatlığı, sahələr üzrə dolğun məlumatların yerləşdirilməsi hesabatda əks olunub.