“AzerGold” QSC-nin rəhbər heyəti və kollektivi şəhid əməkdaşı Rauf Əsgərovun xatirəsini yad edib
28.10.2026
17:30
“AzerGold” QSC-nin rəhbər heyəti və kollektivi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əməkdaşı Rauf Əsgərovun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar Gəncə şəhərindəki Şəhidlər xiyabanında məzarını ziyarət edib.
Vətən torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə əklil qoyulub və gül dəstələri düzülüb.
Qeyd edək ki, Rauf Əsgərov 6 oktyabr 2020-ci il tarixində ehtiyatda olan zabit kimi hərbi xidmətə çağırılıb. Silahlı Qüvvələrimizin baş leytenantı kimi Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.
Rauf Əsgərov 26 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Mərdinli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. O, oktyabrın 28-də Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Müharibəyədək “AzerGold” QSC-nin Təmir-tikinti və energetika şöbəsinin Generator sahəsinin rəisi vəzifəsində çalışan Rauf Əsgərov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
“AzerGold” QSC Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.


