“AzerGold” QSC-nin mütəxəssisləri Naxçıvan Dövlət Universitetinin müəllim-tələbə heyəti ilə görüşüb
08.12.2022
18:00
Dekabrın 8-də Naxçıvan şəhərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mütəxəssisləri və Naxçıvan Dövlət Universitetinin müəllim-tələbə heyəti arasında görüş keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən görüşdə nazirliyin İstehsalın təşkili, planlaşdırılması və geologiya şöbəsinin müdiri Şövqi Əliyev, “AzerGold” QSC-dən müşavir Rəşxan Qaraşlı, eləcə də İnsan resurslarının idarə olunması, Geoloji kəşfiyyat, SƏTƏM şöbələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə “İnsan kapitalının idarə olunması və təhsil müəssisələri ilə əməkdaşlıq”, “Göydağ” sahəsində həyata keçirilən geoloji kəşfiyyat işləri” və “İstehsalat fəaliyyəti zamanı ətraf mühitə təsirlərin idarə olunması” mövzularında təqdimatlar edilib, tələbələrə əyani olaraq filiz süxuları nümayiş etdirilib.
Görüş müəllim və tələbələri maraqlarından mövzular ətrafında fikir mübadiləsi ilə davam edib. Sonda müzakirələrdə aktivliyi ilə fərqlənən tələbələrə Səhmdar Cəmiyyət adından xatirə hədiyyələri təqdim edilib.