“AzerGold” QSC-nin inzibati binasında Müşahidə Şurasının növbəti iclası keçirilib

07.02.2018

02:00

Fevralın 2-də “AzerGold” QSC-nin inzibati binasında Cəmiyyətin 2017-ci il üzrə fəaliyyətinə dair illik hesabatın, 2017 və 2018-ci illər üzrə fəaliyyət planlarının müzakirəsinə həsr olunan Müşahidə Şurasının iclası keçirilib. 

İclasda iştirak edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri cənab Zakir İbrahimov hasil edilmiş nəcib metal külçələrin emalının dünya standartlarına uyğun təşkili, kəşfiyyat, tədqiqat və hasilat işləri, Çovdar filiz emalı sahəsi, həmçinin Köhnəmədən və Göydağ sahələrində görülmüş işlər, keçirilən təlimlər, Korporativ Sosial Məsuliyyət siyasəti, yerli və xarici əlaqələrin inkişaf etdirilməsi haqqında Müşahidə Şurasının üzvlərinə ətraflı məlumat verib. İdarə Heyətinin sədri görülmüş işlərin sayəsində “AzerGold” QSC-nin ölkənin qeyri-neft ixracında lider mövqelərə yüksəldiyini xüsusilə vurğulayıb.

Müşahidə Şurasının üzvləri Cəmiyyətin fəaliyyətini çox yüksək qiymətləndirərək, 2017-ci il üzrə hesabatı yekdilliklə qəbul ediblər.  

Tədbirdə, həmçinin “AzerGold” QSC-nin 2017-ci il üzrə fəaliyyət planının icrası ətraflı müzakirə olunub, 2018-ci il üzrə fəaliyyət planının təsdiq edilməsi haqqında qərar verilib.