“AzerGold” QSC-nin geoloqları Türkiyədə mühəndis-geoloji tədqiqatlar sahəsində təlimdə iştirak ediblər

27.12.2022

10:09

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Geoloji kəşfiyyat şöbəsi və onun törəmə cəmiyyəti “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Geologiya şöbəsinin bir qrup əməkdaşı Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi (MTA) tərəfindən təşkil edilən “Məsafədən zondlama – mühəndis-geoloji tədqiqatlar” mövzusunda təlimdə iştirak ediblər.

MTA-nın Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Məsafədən Zondlama və Coğrafi İnformasiya Sistemləri Mərkəzində keçirilən təlimlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvələr Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “AzerGold” QSC və MTA arasında 2021-ci ilin dekabr ayında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna uyğun olaraq cari ilin sentyabr ayında təsdiq edilmiş Yer elmləri və mədənçilik sahəsində birgə fəaliyyətlərə dair üçtərəfli Protokol çərçivəsində icra edilib.

5 gün davam edən təlimlər zamanı MTA-nın mütəxəssisləri tərəfindən azərbaycanlı geoloqlara müasir texnoloji imkanlar vasitəsilə məsafədən aerokosmik araşdırma və geofiziki tədqiqatların aparılması sahəsində nəzəri və praktiki biliklər aşılanıb. Belə ki, təlim proqramını kosmik peyklərin növləri, kosmik təsvirlərin emalı prosesi, proqram təminatları və onlardan istifadə edərək minerallaşma yerlərinin təyin olunması qaydaları təşkil edib. Həmçinin təlimdə iştirak edən geoloqlar ENVİ, ERDAS və “PCİ Geomatics” proqram təminatları vasitəsilə peyk təsvirlərindən əldə edilən məlumatların emalı prosesi ilə əyani tanış olublar.

Qeyd edək ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “AzerGold” QSC və MTA arasında yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edən sənədlərin imzalanmasında əsas məqsəd geologiya və mədənçilik sahələrində elmi və texniki əməkdaşlığın həyata keçirilməsi, birgə kəşfiyyat işlərinin yerinə yetirilməsindən ibarətdir.