“AzerGold” QSC-nin futbol komandası möhtəşəm uğur qazandı
30.05.2018
07:22
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan idmanı bütün sahələrdə uğurla inkişaf edir. İdmanın hərtərəfli inkişafı təmin edilən ölkəmizdə peşəkar idmançılarla yanaşı, həvəskarlar arasında da idman yarışları təşkil olunur. Belə idman yarışlarından biri də korporativ komandalar arasında təşkil olunan mini futbol turniri – ABL-dir (“Azfar Business League”). Bu turnirdə Azərbaycanın ən qabaqcıl biznes təmsilçiləri fəal iştirak edir.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətini (QSC-ni) təmsil edən futbol komandası “Payız kubokunda” uğursuz çıxış etsə də “Yaz kubokunda” yüksək nəticələri ilə hamını təəccübləndirməyi bacardı. 8 aprel 2018-ci il tarixində start götürən turnirdə “AzerGold” G qrupunda “Optimal Electronics”, “Gilan Holding” və “Silk Way Group” şirkətlərinin komandaları ilə qrup liderliyi uğrunda mübarizəyə başladı. İlk oyunda “Optimal Electronics”-i 10-4, ikinci görüşdə isə “Gilan Holding”-i 6-3 hesabı ilə məğlub edən “AzerGold” qrupun son oyununda “Silk Way Group”-a 3-1 hesabı ilə qalib gəldi. 3 oyundan sonra 100%-lik nəticə göstərən “AzerGold” 1/8 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə “DDLAR Group” şirkətinin komandası 7-0 hesabı ilə məğlub edildi. 1/4 final mərhələsində “AzerGold”-un rəqibi turnirin ən güclü komandalarından biri – “Gate Baku” oldu. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun əsas və əlavə vaxtları 0-0 hesabı ilə başa çatdı. Penalti zərbələrini “AzerGold” daha dəqiq yerinə yetirdi – 3-2. Yarımfinalda “Universal” şirkətinin komandası ilə keçirilən oyunda “AzerGold” 1-6 hesabı ilə məğlub oldu. 28 mayda 3-cü yer uğrunda keçirilən oyunda “AzerGold” “Polat Yol” şirkətinin komandasına 2-3 ilə məğlub olaraq “Yaz kubokunda” 4-cü yeri tutdu.
Beləliklə, “Payız kubokunda” 27-ci yerlə kifayətlənən “AzerGold”, “Yaz kubokunda” 4-cü yeri tutaraq möhtəşəm uğur qazandı.