“AzerGold” QSC “MUSİAD Expo 2020” beynəlxalq sərgisində təmsil olunub

24.11.2020

08:18

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən “MUSİAD Expo 2020” beynəlxalq sərgisində iştirak edib.

Dünyanın 80-dən çox ölkəsindən dövlət qurumları və çoxsaylı şirkətlərin təmsil olunduğu sərgidə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialını əks etdirən “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendi yaradılıb.

“Karabakh is Azerbaijan” stendində “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və gümüşündən istehsal edilən sikkə və qızıl külçələr nümayiş olunub. Bu xüsusda “Qarabağ xalçası: “Çələbi”, “Heydər Əliyev Mərkəzi” və “Qobustan” – qayaüstü rəsmlər təsvir olunan qızıl və gümüş sikkələr sərgi iştirakçıları və ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə qurulmuş “Karabakh is Azerbaijan” stendi Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa Məscidinin formasında dizayn edilib. Stenddə işğaldan azad edilmiş rayonların mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən məhsullar, foto və videomateriallar sərgilənib.

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə keçirilən sərgi noyabrın 21-də başa çatıb.