Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təqaüd proqramı

18.08.2020

10:52

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibəti ilə həyata keçirilən təqaüd proqramı layihəsi Azərbaycanda dövlətçilik ənənələrinin tədqiqi, ölkəmizin şanlı tarixi səhifələrini ehtiva edən 23 aylıq AXC dövrünün təbliği, eləcə də gənc tədqiqatçıları təşviq etmək məqsədilə icra edilib.

Müsabiqə çərçivəsində ölkənin tanınmış tarixçi alimləri, eləcə də Cəmiyyətin təmsilçilərindən ibarət münsiflər heyəti tərəfindən müraciətlərə baxılıb. Tarixçi alimlər Firdovsiyyə Əhmədova və Anar Vəliyev müsabiqə iştirakçılarını AXC-nin tarixi üzrə az araşdırılmış mövzu, akademik tələblərə uyğun tərtib edilmiş iş planı və ədəbiyyat siyahısı kimi meyarlar əsasında qiymətləndirib. Qiymətləndirmə nəticəsində irəli sürülən müraciətlər içərisində “AXC-də pul və qiymətli kağızlar siyasəti”, “AXC dövründə sənaye, aqrar məsələlərə dair bolşevik mətbuatında əks təbliğat” və “Azərbaycan parlamentarizminin xüsusiyyətləri” qismən az araşdırılmış mövzular səs çoxluğu ilə qalib seçiliblər.

Daha sonra təqaüd proqramının hər üç qalibi ilə müvafiq müqavilələr imzalanıb. Qalib qismində seçilmiş gənc tədqiqatçılar – Anar Əliyev, Azər Əliyev və Ziyad Əmrahova iki min manat məbləğində pul mükafatları təqdim edilib.

“AXC-də pul və qiymətli kağızlar siyasəti”, “Azərbaycan parlamentarizminin xüsusiyyətləri” və “AXC dövründə sənaye, aqrar məsələlərə dair bolşevik mətbuatında əks təbliğat” mövzusunda yazılmış məqalələr ölkənin tanınmış mətbu orqanlarında, müvafiq olaraq “Çapar”, “Birlik” dərgiləri və “Cümhuriyyət” qəzetində dərc edilib.