Zakir İbrahimov: “Mədəni irsimizin təbliği məqsədilə hazırlan qızıl sikkələr “AzerGold” üçün əlavə gəlir mənbəyi formalaşdırıb”

22.05.2024

15:09

Mayın 21-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov İçərişəhərdə Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimində çıxış edib.

Z.İbrahimov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə yaradılan “Xəzinə” muzey ekspozisiyasının ölkəmizdə zərgərlik və numizmatika nümunələrinə həsr edilən ilk muzey ekspozisiyası olduğunu diqqətə çatdırıb. O, tarixi qala divarları ilə əhatə olunmuş əsrarəngiz İçərişəhərdə qədim dövrlərdə ərsəyə gətirilmiş zərgərlik məmulatları və pul nişanları ilə yanaşı, müasir dövlətimizin iqtisadi qüdrətinin göstəricilərindən biri hesab edilən, ən yeni texnologiyalar əsasında istehsal edilən sikkələrin vahid ekspozisiyada nümayiş etdirildiyini bildirib. İdarə Heyəti sədrinin sözlərinə görə, bu, bir tərəfdən, milli-mədəni dəyərlərimizə hörmət və ehtiramı, digər tərəfdən, keçmiş dövrlərdən formalaşmış milli zərgərlik ənənələrimizin yaşadılması və təbliğinə dövlətimiz və xalqımız tərəfindən verilən önəmi özündə ehtiva edir: “Muzey ekspozisiyasının adı da bu mənada təsadüfi seçilməyib. Tarixi-mədəni irsimiz sahib olduğumuz ən dəyərli xəzinədir”.

Tədbirdə “AzerGold” QSC-nin ölkəmizin dağ-mədən sənayesinin inkişafı istiqamətində fəaliyyətindən də danışan Z.İbrahimov qeyd edib ki, möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın diversifikasiyası kursuna uyğun olaraq qeyri-neft-qaz sektorunda müxtəlif istiqamətlər üzrə inkişafyönümlü tədbirlər həyata keçirir, bu xüsusda dağ-mədən sənayesini təmsil edən “AzerGold” QSC qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda çəkisinin artırılması, ölkəmizin ixrac potensialının yüksəldilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir: “Qeyri-neft-qaz sektoru üzrə ixracatçı dövlət subyektləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” QSC bugünədək 412 min unsiya qızıl (12,8 ton), 785 min unsiya gümüşün (24,4 ton) ixracını həyata keçirib. Əlavə olaraq, yerli bazarda 15 min unsiya (0.5 ton) qızıl və 100 min unsiya (3.1 ton) gümüş realizə edilib. Bu əməliyyatlar nəticəsində əldə edilən ümumi gəlir 1 milyard 232 milyon manatı ötüb”.

“AzerGold” QSC-nin hasilat və istehsal fəaliyyəti fonunda yerli icmalarla iş, ətraf mühitin mühafizəsi, sosial-iqtisadi inkişaf kimi vacib sahələrə davamlı töhfələrin verilməsinin də əsas məqsədlər sırasına daxil edildiyini deyən İdarə Heyətinin sədri dövlət şirkəti olaraq Səhmdar Cəmiyyətin fəaliyyətinin müasir dövrün çağırışlarına, yerli və beynəlxalq qanunvericiliyə uyğun olaraq təşkil edildiyini vurğulayıb. Onun sözlərinə görə, QSC tərəfindən yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, innovativ həllərin tətbiqi, ekosistemin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılır və gələcəkdə də bir sıra yeniliklər nəzərdə tutulur.

İdarə Heyətinin sədri bildirib ki, “AzerGold” milli dəyərlərimizin təbliği, o cümlədən qiymətli metalların yerli pərakəndə satış bazarının inkişafını da daim diqqətdə saxlayır: “AzerGold” QSC 2019-cu ildən etibarən yerli xammaldan müxtəlif çəki və dizaynlarda qızıl və gümüş məhsullar hazırlayaraq daxili bazarda satışa təqdim edir. Tarix, mədəniyyət, incəsənət və müasirliyimizin incə naxışlarla həkk olunduğu sikkələrin istehsalında ən başlıca məqsəd zəngin milli dəyərlərimizin təbliğidir. İlk kolleksiyalarımızın yaradılması mərhələsində uzun illərdir səmərəli fəaliyyəti, unikal layihələri ilə milli-mədəni irsimizin təbliğinə saysız-hesabsız töhfələr vermiş Heydər Əliyev Fondunun təcrübəsindən və dəyərli məsləhətlərindən faydalanaraq yola çıxdıq. Məlum olduğu kimi, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın misilsiz xidmətləri nəticəsində Fondun 20 illik fəaliyyət dövrü ərzində mədəniyyət və incəsənət sahəsində reallaşdırılan layihələrin əks-sədası ölkə hüdudlarından uzaqlarda eşidilməkdədir. Həmçinin muzey ekspozisiyasının yerləşdiyi qədrim İçərişəhərin qorunmasında və dünyada tanıdılmasında Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzsiz rolu da xüsusi qeyd edilməlidir”.

Z.İbrahimov deyib ki, ötən dövr ərzində “AzerGold” QSC tərəfindən xüsusilə maddi və mənəvi dəyərlərimizi ifadə edən fərqli mövzularda 10 qızıl, 3 gümüş kolleksiya ərsəyə gətirilərək, ictimaiyyətə təqdim edilib: “Bu kolleksiyalara “Heydər Əliyev Mərkəzi”, “Qarabağ xalçası – Çələbi”, “Qobustan”, “Qarabağ inciləri”, o cümlədən mədəniyyət paytaxtımız Şuşaya, görkəmli ədib Xurşidbanu Natəvana ithafən istehsal edilən sikkələr daxildir. Ötən il isə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə qiymətli məhsullarımız arasında ən unikal çeşid hesab edilən “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə istehsal edilib. Bu orijinal sikkə nümunəsi bütün həyat və varlığını mənsub olduğu doğma Azərbaycan xalqına həsr etmiş dahi şəxsiyyətə xalqımızın xüsusi hörmət və ehtiramının ifadəsi olaraq hazırlanıb. Limitli sayda zərb edilmiş 999.9 əyara, 1 unsiya çəkiyə malik qızıl sikkə ölkəmizdə və regionumuzda ilk dəfə olaraq müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “Smart minting” texnologiyası əsasında Avropada ərsəyə gətirilib”.

İdarə Heyətinin sədri əlavə edib ki, innovativ yanaşma, çağdaş texnologiyaların tətbiqi ilə cari ilin ötən dövrü ərzində 3 dizaynda qızıl sikkənin istehsalına nail olunub: “Bu məhsullardan ikisi artıq ictimaiyyətə təqdim edilib.  Söhbət 2024-cü ilin əlamətdar hadisələri – Heydər Əliyev Fondunun 20 illiyi və Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə istehsal edilmiş qızıl sikkə kolleksiyalarından gedir. Növbəti  məshul, Səhmdar Cəmiyyətin sayca 11-ci qızıl sikkə kolleksiyası isə “İçərişəhər”ə həsr olunub. Sikkə üzərində İçərişəhərin memarlıq ansamblına daxil olan tarix və mədəniyyət abidələri dizayn edilib. Kolleksiyada Bakımızın ən qədim hissəsinin qızıl üzərində həkk olunması paytaxtımızın tarixi simasının numizmatika sahəsi üzrə təbliğinə bir töhfədir. Qızıl sikkə ən yüksək əyarda hazırlanıb və 5,10, 20 qram çəkilərdədir”.

“Sadaladığım pərakəndə satış kolleksiyaları ilə yanaşı, müxtəlif qurum və təşkilatların sifarişləri əsasında ölkəmiz üçün əlamətdar hadisələrlə bağlı xüsusi sikkələr də istehsal edilib və bu kimi müraciətlər tərəfimizdən hər zaman dəyərləndirilməkdədir. “Bakı-2019” 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı üçün xüsusi gümüş sikkə, Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Ağqoyunlu dövlətinin hökmdarı, Uzun Həsənin anadan olmasının 600 illiyi münasibətilə qızıl sikkə, Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA-nn 25 illiyi münasibətilə gümüş sikkəni nümunə olaraq göstərmək olar”, -  deyə İdarə Heyətinin sədri qeyd edib.

Z.İbrahimov bildirib ki, qiymətli məhsulların pərakəndə satışı üzrə layihənin əsas məqsədi milli-mədəni irsimizin təbliği olsa da, məhsullarımız eyni zamanda sərfəli yatırım aləti kimi də böyük marağa səbəb olub: “Yerli qızıl və gümüşdən hazırlanan sikkə və külçələrin pərakəndə bazarda özünü kifayət qədər doğrultması Səhmdar Cəmiyyət üçün zamanla əlavə gəlir mənbəyi formalaşdırdı və 2021-ci ildə ilk Satış və mübadilə mərkəzinin yaradılmasına zəmin yaratdı. İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə milli zərgərlik bazarının inkişafı istiqamətində həyata keçirilən islahatlara əlavə dəstək məqsədilə yaradılan bu Mərkəzdə məhsulların satışı, qızılın dünya birjasındakı cari qiymətinə uyğun gerialışı – mübadiləsi təmin edilir, beləcə yerli bazarın tələbatının keyfiyyətli şəkildə ödənilməsi istiqamətindəki fəaliyyətimizə mühüm töhfə verilir”.