Zakir İbrahimov Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə təşkil edilən Xeyriyyə gecəsində iştirak edib
29.04.2024
10:13
Aprelin 26-da “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı, Xəzər Media Mərkəzinin dəstəyi ilə Gəncə şəhərində yerləşən regional Autizm Mərkəzinin fəaliyyətinin davamlılığının təmin olunması məqsədilə Xeyriyyə gecəsi keçirilib.
Dünya Autizm Maarifləndirmə Ayında təşkil edilən mərasimdə dövlət və hökumət rəsmiləri, dövlət və özəl şirkətlər, qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri iştirak ediblər.
Xeyriyyə gecəsində çıxış edən “Gəncə Autizm Mərkəzi” layihənin əsas dəstəkçilərindən biri – “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dayanıqlı və dinamik inkişafına davam edən, beynəlxalq əlaqələrini möhkəmləndirən Azərbaycan dövləti sosial-iqtisadi inkişafla bağlı dövlət proqramlarının icrasını uğurla həyata keçirir. İdarə Heyəti sədri bildirib ki, dağ-mədən sahəsində aktiv fəaliyyəti ilə qeyri-neft sektorunda ön pillələrdə qərarlaşan dövlət şirkətlərindən biri kimi “AzerGold” QSC fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlamaqla dövlətimizin yürütdüyü siyasətə əlavə töhfələrini verir. Bu xüsusda Z.İbrahimov növbəti sosial əhəmiyyətli layihə kimi 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə Gəncə şəhərində regional Autizm Mərkəzinin istifadəyə verildiyini xatırladıb.
Tədbirdə, həmçinin Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, Soltan Məmmədov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, “Xəzər” Media Mərkəzinin direktoru Murad Dadaşov, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, Valideynlər Şurasının sədri Natəvan Məmmədova çıxış edərək, ölkəmizdə inklüziv cəmiyyətin formalaşdırılması və inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu gün ən həssas kateqoriyalardan olan vətəndaşlarımızın sosial mühitdə aktiv iştirakının təmin edildiyi, onların fərdi inkişafı istiqamətində dövlətimiz tərəfindən zəruri addımların atıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımıza daim diqqət göstərilir, onların təhsili, sağlamlığı və digər sosial qayğılarının həlli istiqamətində mühüm layihələr həyata keçirilir. Bu xüsusda Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə autizm spektr pozuntulu şəxslərin fərdi inkişafı yönündə “Birgə və Sağlam” İctimai Birliyinin fəaliyyətinə dəstək göstərildiyi qeyd olunub.
Əlavə edilib ki, “Birgə və Sağlam” İB tərəfindən bugünədək Gəncə Autizm Mərkəzində 100 nəfərdən çox autizmli uşaq tam ödənişsiz əsaslarla resurs və bərpa prosesinə cəlb edilib. Xeyriyyə gecəsinin məhz Gəncə Autizm Mərkəzinin fəaliyyətinin təbliği, korporativ sosial məsuliyyət prinsipinə önəm verən donor şirkət və təşkilatlar tərəfindən dəstəklənməsi məqsədilə təşkil olunduğu diqqətə çatdırılıb. Tədbir çərçivəsində toplanan ianələrin Gəncə və ətraf rayonlarda növbədə gözləyən 100 nəfərdən çox autizmli uşağın fərdi inkişafı istiqamətində fəaliyyətə sərf olunacağı bildirilib.
Daha sonra qonaqlara “Birgə və Sağlam” İB-nin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub. Tədbirdə, həmçinin qonaqlar autizmli uşaqların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası ilə tanış olublar. Xeyriyyə gecəsi mədəniyyət və incəsənət xadimlərinin rəngarəng ifaları ilə müşayiət olunan konsert proqramı ilə davam edib.