“Tülallar”, “Ağyoxuş-2” və “Ağyoxuş-3” qızıl yataqlarının istismarı üzrə təqdimat keçirilib

18.11.2022

17:00

Noyabr 18-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2023-cü ildə hasilatına başlanılması planlaşdırılan “Tülallar”, “Ağyoxuş-2” və “Ağyoxuş-3” qızıl yataqları üzrə istismar layihələrinin Ətraf və Sosial-İqtisadi Mühitə Təsirlərinin Qiymətləndirilməsi sənədi (ƏSİMTQ) ictimaiyyətə təqdim edilib.

İctimai iştirakçılıq haqqında qanunvericiliyə uyğun olaraq ətraf mühit dəyişiklikləri və problemlərin həlli üzrə ixtisaslaşmış tədqiqat, məsləhət və mühəndislik şirkəti olan “İQLİM LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təşkil edilən təqdimat mərasimində elmi təşkilatlar, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə istismarı planlaşdırılan sahələr və ətraf ərazilərin fiziki-coğrafi, meteoroloji şəraiti, iqlimi, həmçinin bioloji müxtəlifliyinə dair təfsilatlı ekoloji monitorinq və elmi tədqiqat işlərinin icra edildiyi, planlaşdırılan hasilatın təbii və sosial-iqtisadi mühitə gözlənilən təsirlərinin qiymətləndirildiyi qeyd olunub, cari ilin noyabr ayında Ekologiya və Təbii Sərvətlər Naziriyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən sənədə müsbət rəy verildiyi diqqətə çatdırılıb.

Sənəddə istehsalat prosesi nəticəsində yarana biləcək bütün növ tullantıların qanunamüvafiq şəkildə idarə olunması, boş süxurların tullantı anbarlarında təhlükəsizlik tədbirlərinin görülməsi, istismar işlərinin yerinə yetirilməsi zamanı suya qənaət mexanizmlərinin tətbiq edilməsi və s. bu kimi konkret tədbirlər öz əksini tapıb. Görüş iştirakçıları tərəfindən ƏSİMTQ sənədinin dağ-mədən sənayesi üçün mövcud tələblərə uyğun işlənildiyi xüsusi olaraq bildirilib, sənəddə əksini tapan məsələlərin icrasının bölgədəki biomüxtəlifliyinin qorunması baxımından vacibliyi qeyd olunub.

Qeyd edək ki, “Çovdar” qızıl yatağının nisbətən yaxınlığında, Göygöl rayonunun inzibati ərazisində yerləşən “Ağyoxuş-2”,“Ağyoxuş-3” və “Tüllallar” qızıl yataqları cari ilin 15 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət balansına qəbul edilib. “Ağyoxuş-2” və “Ağyoxuş-3” qızıl yataqlarının çıxarılabilən ümumi qızıl ehtiyatı 31,507 unsiya, “Tülallar” qızıl yatağının çıxarılabilən qızıl ehtiyatı isə 84,787 unsiya təsdiq olunub. Sözügedən yataqlardan hasil ediləcək nəcib metal filizlərinin emalı Cəmiyyətin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində həyata keçiriləcəkdir. Bununla da müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan “Ağyoxuş-2”,“Ağyoxuş-3” və “Tüllallar” qızıl yataqlarının əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan iqtisadi səmərəliliyi təmin ediləcəkdir. Nəticədə qeyd edilən yataqların istismarı ilə ölkə iqtisadiyyatına xarici valyutada milyonlarla manat vəsait cəlb ediləcək, qeyri-neft sənayesinin inkişafı, yeni iş yerlərinin açılması, o cümlədən yatağın yerləşdiyi bölgənin sosial-iqtisadi tərəqqisinə ciddi töhfələr veriləcəkdir.