Daşkəsənin ucqar kənd məktəbində şagirdlər üçün peşəyönümlü təlimlər keçirilib
15.08.2023
17:51
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Daşkəsən Peşə Məktəbinin dəstəyi ilə Daşkəsən rayonu, Quşçu kənd orta məktəbində şagirdlər üçün peşəyönümlü təlim və seminarlar keçirilib.
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən icra olunan “Kəndimə gəl!” layihəsi çərçivəsində keçirilən tədbirdə 42 nəfər məktəbli iştirak edib.
Ucqar kənd məktəblərində təhsil alan şagirdlərin şəxsi inkişafına təkan vermək, onların əmək bazarına düzgün hazırlığını təmin etmək məqsədilə təşkil edilən 3 günlük təlim və seminarlarda şagirdlərə “Özünü tanıma və karyera planlaması”, “Əmək bazarı və bacarıqlar”, “Məqsədlərin təyin olunması”, “Ünsiyyət bacarıqları” mövzuları üzrə müvafiq bilik və bacarıqlar aşılanıb. Həmçinin məktəblilər “AzerGold” QSC-nin mədən mühəndisi və SƏTƏM üzrə mütəxəssisi tərəfindən dağ-mədən fəaliyyətinin spesifik xüsusiyyətləri, ətraf mühitin mühafizəsi, texniki təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb, fərdi mühafizə vasitələri ilə tanış ediliblər.
Tədbir müzakirə formatında davam edib, mütəxəssislər tərəfindən şagirdlərin çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, “Kəndimə gəl!” layihəsi çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarının ucqar kənd məktəblərində də şagirdlər üçün peşəyönümlü təlim və seminarların keçirilməsi nəzərdə tutulub.