Çovdar kəndinin sakinlərinə ot bağlamaları paylanıldı

04.09.2020

09:35

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Daşkəsən rayonunun “Çovdar” filiz emalı sahəsinə yaxınlıqda yerləşən kəndlərində əhalinin təsərrüfat fəaliyyətinə dəstək məqsədilə daha bir addım atıb.

Belə ki, “Çovdar” filiz emalı sahəsində aparılmış cari abadlıq işləri nəticəsində biçilmiş otlardan 500 ədəd bağlama hazırlanıb. Tədarük edilmiş bağlamalar Cəmiyyətin əməkdaşları tərəfindən əsasən Çovdar kəndinin heyvandarlıqda məşğul olan aztəminatlı ailələrinə paylanılıb.

Kənd sakinləri bu təşəbbüsə görə “AzerGold” QSC-yə təşəkkürünü bildirib, bu tip aksiyaların onların heyvandarlıq fəaliyyətinə müsbət təsir etdiyini diqqətə çatdırıblar.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra edilən layihələr Cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.

Xatırladaq ki, “Çovdar” filiz emalı sahəsində mütəmadi olaraq abadlıq və iməcilik işləri həyata keçirilir. Ətraf mühitin mühafizəsi xarakteri daşıyan bu tip tədbirlər zamanı əldə olunan ot və çırpı bağlamaları ətraf kəndlərin də əhalisinə paylanılır. Bu da, ümumilikdə heyvandarlıq fəaliyyəti ilə məşğul olan kiçik fermerlərin formalaşdırdığı qışlıq yem ehtiyyatına əlavə dəstək hesab olunur.