Beynəlxalq Geologiya-Mədənçilik Forumunun rəsmi açılış mərasimi keçirilib

26.10.2023

17:00

26 oktyabr 2023-cü il tarixində Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Geologiya-Mədənçilik – “GeoMining” Forumunun rəsmi açılış mərasimi keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Geoloji Kəşfiyyat Agentliyinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, “AzerGold” QSC, Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsinin tərəfdaşlığı ilə keçirilən mötəbər tədbirdə dünyanın 30-a yaxın ölkəsindən dövlət qurumları, elmi təşkilat, yerli və xarici şirkətlərinin ümumilikdə 300 nəfərə yaxın nümayəndəsi iştirak edir.

Geologiya və mədənçilik sahəsində mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan əməkdaşlıq modeli yaratmaq, ölkəmizin dağ-mədən sahəsində potensialını nümayiş etdirmək məqsədilə təşkil edilən Forum Ulu Öndər Heydər Əliyevin dağ-mədən sahəsinin inkişafındakı xidmətlərindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Forumun rəsmi açılış mərasimində çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əvvəlcə Ulu Öndərin ölkəmizdə geologiya və dağ-mədən sahəsinin inkişafı istiqamətində xidmətlərindən danışıb. O, hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında sözügedən sahələrdə həyata keçirilən fəaliyyətin effektiv nəticələr verdiyini, faydalı qazıntı yataqlarımızın səmərəli idarə olunması sahəsində ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Ümumilikdə ölkəmizin dağ-mədən sahəsində əməkdaşlıq üçün böyük potensialının olduğunu deyən nazir xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda mövcud təbii ehtiyatlarımız bölgənin sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov isə qeyd edib ki, Azərbaycanda geologiya və dağ-mədən sahəsi ilə bağlı beynəlxalq miqyasda mötəbər tədbirin məhz belə bir əlamətdar tarixdə - “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi təsadüfi deyil. O bildirib ki, Ümummilli Liderin əsasını qoyduğu, möhtərəm cənab Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasət kursunun effektiv nəticələri ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi dağ-mədən sənayesinin dayanıqlı və dinamik inkişafında da özünü göstərməkdədir.

Qeyd olunub ki, Azərbaycanda və ölkə hüdudlarından kənarda dünya miqyaslı və aparıcı mədən şirkəti olmaq “AzerGold” QSC-nin strateji hədəflərindən biridir: “Bu məqsədlərə nail olmaq üçün beynəlxalq tərəfdaşlıq əlaqələrimizi inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq önəmli faktorlardır. Bu mənada Forumun həm ölkəmiz, həm də mövcud və potensial xarici tərəfdaşlarımız üçün əhəmiyyəti böyükdür”.

Mərasimdə, həmçinin Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandra Rokasalvo, Türkiyənin Mədən və Neft İşləri Agentliyinin sədri Arslan Narin, Türkiyənin Mədən Texnik Araşdırma Dövlət Şirkətinin rəhbəri Vedat Yanık, Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin  Saməddin Əsədov çıxış edib, müasir dövrdə geologiya və dağ-mədən fəaliyyətinin ekoloji aspektləri, bu sahədə texnologiyalar, rəqəmsal həllər, innovativ yanaşmaların tətbiqi məsələlərindən danışıb. Qeyd olunub ki, mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan əməkdaşlıq modeli yaratmaq, ətraf mühiti mənfi təsirlərdən qorumaq və daim inkişaf etmək üçün bu Forum mühüm platformadır.

Daha sonra Forum öz işinə başlayıb. “Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycan üçün perspektivləri”, “Geologiya və dağ-mədən sənayesində yeni texnologiyaların və metodologiyaların tətbiqi”, “Geoekoloji problemlər və dağ-mədən sənayesində ətraf mühitin qorunması”, “Geologiya və dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri” mövzuları üzrə panel müzakirələri təşkil ediləcək, yerli və xarici mütəxəssislərin məruzələri dinləniləcəkdir.

Forum çərçivəsində Azərbaycanda fəaliyyət göstərən yerli və xarici dağ-mədən şirkətlərinin fəaliyyətinə dair sərgi də təşkil olunub.

Qeyd edək ki, iki gün davam edəcək Forum çərçivəsində yerli və xarici mütəxəssis, o cümlədən dövlət, elm və iş adamları arasında ikitərəfli görüşlərin təşkili də nəzərdə tutulub.