“AzerGold” QSC və MEDİA-nın birgə təşkil etdiyi növbəti “Kreativ Media - Bakı” müsabiqəsinin qalibləri mükafatlandırılıb
19.07.2024
16:48
İyulun 19-da Medianın İnkişafı Agentliyi (MEDİA) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) birgə təşkil etdiyi növbəti “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb.
MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Millli Mətbuatımızın 149 illiyinə həsr olunmuş tədbir çərçivəsində keçirilən mükafatlandırma mərasimində MEDİA-nın Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, “AzerGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Leyla Sadıxova, Audiovizual Şuranın üzvü Bəxtiyar Qaraca və digər dövlət qurumları, mətbuat, qeyri-hökumət təşkilatlarının rəsmi şəxsləri iştirak ediblər.
“İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesi: davamlı və dayanıqlı inkişaf”, “Dağ-mədən sənayesində yaşıl həllər: iqlim, texnologiya və innovasiyalar”, “İqlim hərəkatı və gənclər” mövzuları üzrə müsabiqədə komandalar şəklində iştirak edən ail təhsil müəssisələrinin tələbələrindən 18 nəfəri qalib elan edilib. Qaliblərə diplom, mükafat və xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, “Kreativ Media - Bakı” məzmun müsabiqəsi MEDİA və “AzerGold” QSC-nin “MEDİAlab” layihəsi çərçivəsində təşkil edilib. Layihənin əsas məqsədi media sahəsində innovasiya və inkişaf yönümlü fəaliyyətin davamlılığının təmin edilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi, texnoloji transformasiya zəncirinin əsas halqalarından olan insan resurslarının inkişafı üçün müvafiq sahədə kadr potensialının artırılması, media subyektləri və ali təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlığın genişləndirilməsinə dəstək göstərilməsi, gənclərə rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsi üçün əlverişli ekosistemin yaradılmasıdır.