“AzerGold” QSC növbəti civə partiyasını ixrac edib
01.09.2020
16:04
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) istehsalat nəticəsində formalaşan civənin ətraf mühitə və insan sağlamlığına zərər vurmadan zərərsizləşdirilməsi istiqamətində növbəti addım atıb. Belə ki, istehsalat prosesi zamanı tullantı qismində ayırılan 1 ton civə “Asia Mercury PTC.LTD” beynəlxalq şirkəti ilə imzalanmış müqavilə əsasında Papua-Yeni Qvineya ölkəsinə ixrac edilib.
Məlumat üçün qeyd edək ki, istehsalat prosesi zamanı tullantı qismində ayrılan civə kütləsi dünya təcrübəsində torpağa basdırılmaqla zərərsizləşdirilir və ya təkrar istehsalda istifadə edilməklə utilizasiya edilir. Qeyd olunan ilk üsul torpağı istifadəyə yararsız hala gətirməklə yanaşı, bütövlükdə ekosistemə, həmçinin insan orqanizminə təhlükə yaradır. Civənin təkrar istifadəyə yönləndirilməsi məqsədilə satışı isə ekoloji cəhətdən daha məqbul və təhlükəsiz həll yolu hesab edilsə də, çoxsaylı icazələrin alınması və mürəkkəb tələblərlə müşayiət edilir.
“AzerGold” QSC ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə dayanıqlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulları tətbiq edir. Bu kimi amillər və sosial məsuliyyət siyasəti nəzərə alınmaqla Cəmiyyət tərəfindən daha mürəkkəb yol seçilib. Nəticədə civə kütləsi təkrar emalda istifadə olunması məqsədilə ixrac edilib. Bununla da, “AzerGold” QSC ətraf mühitin mühafizəsinə daha bir töhfə verməklə yanaşı, ixracdan gəlirin əldə edilməsində nail olub.
Beləliklə, “AzerGold” QSC beynəlxalq qanunvericiliyə uyğun, BMT-nin “Minamata” və “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel konvensiyalarının tələbləri nəzərə alınmaqla civənin ikinci dəfə ixracını reallaşdırıb. Qeyd edək ki, sözügedən konvensiyalar təhlükəli tullantıların, xüsusilə də civənin istehsalı və ticarətinin tənzimlənməsini, ətraf mühitin antropogen təsirlər nəticəsində atılan civə və onun birləşmələrindən qorunmasını ehtiva edir.