"AzerGold" QSC-nin Nizamnaməsində dəyişiklik edilib

16.12.2020

09:51

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 dekabr, 2020-ci il tarixli 496 nömrəli Qərarı ilə“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 187 nömrəli Qərarında dəyişiklik edilib.

Sənədə əsasən, “AzerGold”QSC-nin Nizamnaməsinin məqsədləri və fəaliyyət istiqamətləri hissəsində dəyişiklik edilib. Belə ki, Cəmiyyət bundan sonra əlvan metalı filizi ilə yanaşı qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməlidir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamında dəyişiklik edilib.  

Sənədə əsasən, ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı Səhmdar Cəmiyyətə səlahiyyətlər verilib.

Xatırladaq ki, bundan öncə  Nazirlər Kabinetinin 15 dekabr, 2020-ci il tarixli 456 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 may 2016-cı il tarixli 187 nömrəli Qərarına Cəmiyyətin Nizamnamə kapitalının artırılmasına dair əlavə və dəyişikliklər edilib. Cəmiyyətinin Nizamnaməsi üzrə 4.4-cü bənddə “37 000 000 (otuz yeddi milyon)” sözləri “62 000 000 (altmış iki milyon)” sözləri ilə, “18 (on səkkiz) manat 50 (əlli) qəpik” sözləri “31 (otuz bir) manat” sözləri ilə əvəz edilib. Beləliklə, Qərara əsasən, “AzerGold” QSC-nin nizamnamə kapitalı 37 milyon manatdan 62 milyon manata çatdırılıb.