“AzerGold” QSC-nin mütəxəssisləri İsveçrəyə işgüzar səfər ediblər
18.02.2018
06:00
13-16 fevral tarixlərində “AzerGold” QSC-nin nümayəndələrinin İsveçrəyə işgüzar səfəri baş tutub. Səfər çərçivəsində “AzerGold” QSC-nin mütəxəssisləri İsveçrənin məşhur “Argor-Heraeus” şirkətinə məxsus affinaj zavodunun fəaliyyəti ilə yaxından tanış olub, beynəlxalq təcrübəni dərindən öyrənib, qızıl satışının optimallaşdırılması yollarını araşdırıb. Bundan əlavə, mütəxəssislər ikitərəfli görüşlər keçirərək, beynəlxalq əlaqələrin genişləndirilməsi perspektivlərini geniş müzakirə ediblər. Səfərin əsas məqsədi qızıl və gümüş tərkibli xəlitələrin tökümündə digər metalların faiz dərəcələrinin azaldılması prosesini daha da təkmilləşdirməkdir.
Qeyd edək ki, keçən il “AzerGold” QSC KYC (Know Your Customer) və “Due Diligence” prosedurlarını uğurla keçərək “Argor-Heraeus” şirkəti ilə qızıl və gümüşün saflaşdırılması üzrə əməkdaşlıq qurub. Ötən ilin 31 may–2 iyun tarixlərində Azərbaycana səfərə gələn İsveçrə şirkətinin nümayəndəsi Çovdar filiz emalı sahəsində gedən hasilat işləri ilə yaxından tanış olaraq, Cəmiyyətin fəaliyyətinin beynəlxalq standartlara cavab verdiyini bildirib. Hazırda Çovdar filiz emalı sahəsində istehsal olunan qızıl-gümüş tərkibli xəlitələr İsveçrə şirkətinə göndərilərək saflaşdırılır, daha sonra əldə olunan qızıl və gümüş beynəlxalq birjada satışa çıxarılır.