“AzerGold” QSC-nin müraciəti Baş Prokurorluqda araşdırılmışdır

03.04.2018

07:00

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində faydalı qazıntıların qanunsuz hasilatının aparılmasına dair “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən göndərilən material Baş Prokurorluqda araşdırılmışdır.

Aparılmış araşdırmalarla Ermənistan Respublikasında və digər  ölkələrdə hüquqi qeydiyyatdan keçmiş “Vallex Group”, “Base Metals”, “ACP”, “Lerna metalurgiayi İnstitute”, “Teghout” və digər şirkətlərin rəhbərlərinin və fiziki şəxslərin Azərbaycanın dövlət sərhədini Ermənistan ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb işğal dövrü ərzində Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü, Qızılbulaq, Zəngilan rayonu ərazisində yerləşən Vejnəli, Tərtər rayonu ərazisində yerləşən Dəmirli və digər əlvan metal yataqlarından külli miqdarda qızıl və digər əlvan metalların hasilatını aparmaqla qanunsuz gəlir əldə etmələri müəyyən edilmişdir.

Araşdırmalar zamanı “Azərkosmos” ASC-nin “Azersky” peykinin yüksək ayırdetməli təsvirləri və geoloji-axtarış məlumatları əsasında işğal olunmuş ərazilərdə yerləşən filiz yataqlarında qanunsuz hasilat işlərinin aparılması sübut edilmişdir.

Həmin faktlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilmişdir.

Bununla yanaşı, ölkəmizin qızıl və digər əlvan metal ehtiyatlarının talanması faktları üzrə qısa zamanda beynəlxalq audit şirkətlərinin mütəxəssisləri cəlb edilməklə dəymiş ziyanın müəyyən edilərək “AzerGold” QSC ilə birlikdə iqtisadi mübahisələr üzrə müvafiq beynəlxalq məhkəməyə, həmçinin işğal olunmuş ərazilərdə qanunsuz hasilatla məşğul olan şirkətlərin qeydiyyatdan keçdiyi ölkələrin hüquq-mühafizə orqanlarına müraciət edilməsi nəzərdə tutulmuşdur.

Elan olunmamış müharibə nəticəsində Azərbaycan ərazisinin 20%, o cümlədən Dağlıq Qarabağ və digər yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Amma Ermənistan BMT-nin və digər nüfuzlu qurumların qəbul etdiyi qətnamələrə məhəl qoymur. İşğal dövründə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı davam edir