“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan–İtaliya Biznes Forumunun plenar sessiyasında çıxış edib
23.11.2026
19:00
23 noyabr 2026-cı il tarixində Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İtaliya Ticarət Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan–İtaliya Biznes Forumu keçirilib.
Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, energetika, tikinti və daşınmaz əmlak, rəqəmsal texnologiyalar və süni intellekt, əczaçılıq, nəqliyyat və logistika, kənd təsərrüfatı və qida sənayesi, turizm, maliyyə, ətraf mühitin mühafizəsi və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox şirkətin nümayəndəsi iştirak edib.
Forum çərçivəsində “Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni dövrü” mövzusunda plenar sessiya təşkil olunub.
Sessiyada Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov, Ələt Azad İqtisadi Zonası Administrasiyasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun vəzifələrini müvəqqəti icra edən Dəyanət Sədullayev, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov, İtaliyanın SACE şirkətinin Avropa, MDB ölkələri və Ukrayna üzrə bölməsinin rəhbəri Kristiana Portale, eləcə də İtaliyanın “Unioncamere”, “MIMIT”, “CDP” və “Confindustria” qurumlarının rəhbər nümayəndələri iştirak ediblər.
Plenar sessiyada çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov kritik mineralların qlobal iqtisadiyyat, sənaye rəqabətqabiliyyətliliyi və enerji keçidi baxımından strateji əhəmiyyətini vurğulayaraq, Azərbaycanın zəngin mineral-xammal bazası, sənaye infrastrukturu və əlverişli coğrafi mövqeyinin ölkəyə bu sahədə regional mərkəzə çevrilmək üçün geniş imkanlar yaratdığını bildirib.
O, ölkədə dağ-mədən və metallurgiya sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının hədəfləri və “AzerGold” QSC-nin bu istiqamətdə reallaşdırdığı layihələr barədə məlumat verib.
Qeyd olunub ki, Filizçay polimetal yatağının ehtiyatları, eləcə də Naxçıvan Muxtar Respublikasında həyata keçirilən mineral-xammal ehtiyatlarının kəşfiyyatı layihəsi mühüm investisiya imkanları yaradır.
Azərbaycan–İtaliya sənaye əməkdaşlığının konkret nümunəsi kimi Şəmkir rayonunda inşa olunacaq, illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir zavodu layihəsi diqqətə çatdırılıb. Layihədə İtaliyanın “Tenova” şirkətinin texnoloji həllərindən və SACE İxrac Kredit Agentliyinin maliyyə dəstəyi mexanizmlərindən istifadə olunduğu vurğulanıb.
Zakir İbrahimov, həmçinin İtaliya şirkətləri ilə qiymətli metalların emalı və saflaşdırılması, laboratoriya texnologiyaları, istehsalın avtomatlaşdırılması və sənaye təkrar emalı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edib. Bildirib ki, Azərbaycan İtaliya şirkətlərinə yalnız mineral yataqların işlənməsi deyil, həm də emal, texnologiya və əlavə dəyər yaradan istehsal zəncirlərində birgə iştirak imkanları təklif edir.
Sessiyada Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, yeni investisiya təşəbbüslərinin təşviqi və qarşılıqlı faydalı sənaye layihələrinin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.




