“AzerGold” QSC-nin İdarə Heyətinin sədri “Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi” mövzusunda tədbirdə iştirak edib
17.12.2018
06:00
İqtisadiyyat Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə cari ilin 7 dekabr tarixində Bakı Biznes Mərkəzində “Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbirə açılış nitqi ilə başlayan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və innovasiyalar əsasında inkişafı ilə bağlı sistemli tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, bu sahədə proqram xarakterli sənədlər qəbul olunmuş, yeni qanunvericilik bazası formalaşdırılmış, biznes və investisya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatlar davam etdirilmiş və təşviq mexanizmlərinin tətbiqinə başlanılmışdır. Niyazi Səfərov çıxışında sənayedə yerli istehsalın dəstəklənməsi məqsədilə yerli xammaldan səmərəli istifadənin əhəmiyyətini qeyd edib. Bildirilib ki, ölkəmizdə təbii resursların mövcudluğu sənayenin müxtəlif sahələrinin, o cümlədən ağır sənaye və maşınqayırma, tikinti, kimya, kənd təsərrüfatı, qida və digər sənaye sahələrinin inkişafına birbaşa töhfə verir. Ölkədə mövcud potensial və istifadə edilməyən imkanlar barədə sahibkarlıq subyektlərində aydın təsəvvür formalaşdırılması, onların təbii resurslardan istifadə etməklə fəaliyyətlərinin dəstəklənməsi məqsədilə mərkəzləşdirilmiş reyestr yaradılır. Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin əsas prioritetlərdən biri kimi aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması müəyyən edilmişdir. Vurğulandı ki, hal-hazırda mərkəzləşdirilmiş reyestrinin yaradılması istiqamətində İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və digər dövlət qurumları ilə birlikdə müvafiq işlər görülür.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası sahəsində nazirlik tərəfindən müvafiq işlər aparılır. Muxtar Babayev ölkə ərazisində ehtiyatda olan sənaye potensiallı qeyri-filiz faydalı qazıntılarının müvafiq normativlərə uyğun olaraq istifadə edilməsi məqsədilə sahibkarlıq subyektlərinin cəlb edilməsinin və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Muxtar Babayev ölkə ərazisində mövcud filiz yataqlarının tədqiqi, kəşfiyyatı, işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, müəssisələr tərəfindən istifadədə olan faydalı qazıntı yataqlarının geoloji kəşfiyyatında birgə fəaliyyət, filizi yataqları üzrə məlumatların rəqəmsallaşdırılması və digər istiqamətlər üzrə işlərin aparıldığını bildirdi.
“AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov dağ-mədən sənayesi sahəsində cəmiyyət tərəfindən görülən işlər haqqında geniş məruzə ilə çıxış edərək, qiymətli metalların ixracı, ölkə ərazisində həyata keçirilən kəşfiyyat və tədqiqat işləri, təbii resurslardan səmərəli istifadə, həmçinin Korporativ Sosial Məsuliyyət tədbirləri haqqında ətraflı məlumat verib. "BP-Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli “BP” şirkətinin Azərbaycandakı 26 illik fəaliyyəti dövründə neft və qaz əməliyyatlarını səmərəli, təhlükəsiz və etibarlı şəkildə həyata keçirildiyini, eləcə də əməyin təhlükəsizliyi və ətraf mühitə təsirin minimum olmasının şirkətin ən başlıca prioritetlərdən biri olduğunu bildirdi. Bununla yanaşı, həyata keçirilən əməliyyatların bundan sonra da təhlükəsiz və ətraf mühitin mühafizəsi baxımından məqsədəuyğun şəkildə həyata keçirilməsi istiqamətində Azərbaycan hökuməti və SOCAR ilə daha da sıx işləmək əzmində olduğunu vurğuladı. “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan və “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov təbii resurslardan səmərəli istifadə olunması, bu sahədə aidiyyəti dövlət qurumları ilə görülən işlər barədə ətraflı məlumat verdilər. Tədbir çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən sənayedə istifadə potensialı olan təbii resurs yataqları barədə təqdimat keçirildi.
Tədbirdə sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi və dövlət-özəl əməkdaşlığının möhkəmləndirilməsinə dair təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.