“AzerGold” QSC-nin elan etdiyi müsabiqənin qalibləri müəyyən olunub

28.06.2018

07:00

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) tələbələr arasında elan etdiyi “Mənim təcrübə hekayəm” adlı yazı müsabiqəsinin qalibləri müəyyən olunub. “AzerGold” QSC-nin baş ofisində və Çovdar filiz emalı sahəsində təcrübə keçmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri təqdim etdikləri yazılarda istehsalat təcrübəsi, topladıqları yeni biliklər, qiymətli metalların hasilatı prosesi haqqında təəssuratları ilə bölüşüblər. ADNSU-dan Talıbov Məmmədağa, AzTU-dan Yusublu Cəmil və AzMİU-dan Abdurahmanov Fuad “AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması, İctimaiyyətlə əlaqələr, Geoloji kəşfiyyat və Strateji planlaşdırma və biznesin inkişafı şöbələrinin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən yazı müsabiqəsinin qalibləri seçiliblər. “AzerGold” QSC-nin baş ofisində keçirilən mükafatlandırma mərasimində Cəmiyyətin əməkdaşları qalibləri təbrik edərək onlara pul mükafatları təqdim ediblər.

Qeyd edək ki, 2018-ci ilin fevral-may aylarında “AzerGold” QSC-də 25 tələbə istehsalat təcrübəsi keçərək dağ-mədən sahəsində tikinti işləri, geologiya, informasiya-kommunikasiya texnologiyaları haqqında dərin biliklər əldə ediblər.