“AzerGold” QSC-də Vətən müharibəsinin şəhidləri anılıb
04.12.2020
14:19
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş ofisində və "Çovdar" Filiz Emalı Sahəsində canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidləri anılıb.
Anım mərasimində ilk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, 30 ildir davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşərək Vətən naminə ölüm-dirim mübarizəsinə qalxıb. Azərbaycanın tarixi qələbəsinin mənbəyi xalqımızın həmrəyliyi, cənab Ali Baş Komandanın ətrafında sıx birləşən insanlarımızın inamı, Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi.
İdarə Heyətinin sədri qeyd edib ki, Vətənimizin müdafiəsi uğrunda savaşmaq və şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur: “Şəhid olan oğullarımızın arasında “AzerGold”un qəhrəman əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərov da var. Mənfur düşmənə qarşı igidliklə vuruşan əməkdaşlarımız, eləcə də bu mübarizədə qəhrəmancasına şəhid olan Muxtar və Raufla fəxr edirik. Onlar daim xoş xatirələrlə anılacaq, heç vaxt unudulmayacaqlar”.
İdarə Heyətinin sədri bildirib ki, xalqımızın təsəllisi və qürur mənbəyi şəhidlərimizin qanının yerdə qalmaması, düşmən tapdağından xilas olan yurd yerlərimiz, hər yerdə yüksələn müqəddəs bayrağımızdır.
Zakir İbrahimov bütün şəhid ailələrinə səbr, yaralılara şəfa diləyib.
Tədbirin sonunda “AzerGold” QSC-nin Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əməkdaşlarının xatirə lövhəsi önünə gül dəstələri düzülüb, onların xatirəsi dərin ehtiramla yad edilib.