“AzerGold” QSC-də Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib
01.03.2022
09:30
1 mart 2022-ci il tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş ofisində “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş “Təbii fəlakətlər və böhranlar zamanı köçürülən əhalinin mülki müdafiəsi, idarə edilməsi, könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, Cəmiyyətin Fövqəladə Hallar Komissiyasının sədri Oqtay Məmmədov mülki müdafiə sahəsində əməkdaşların maarifləndirilməsinin vacibliydən bəhs edib, təhlükəsiz iş şəraitinin təmin olunması, eləcə də müvafiq strukturların dəstəyi ilə fövqəladə hallardan mühafizə sahəsində hazırlığın təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. O.Məmmədov Cəmiyyətin fəaliyyətinin təşkil edildiyi bütün obyekt və sahələrdə bundan sonra da mülki müdafiə işinin müasir tələblər səviyyəsində qurulacağını, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirələcəyini qeyd edib.
Daha sonra Səbail rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Nazir Əkbərov və “AzerGold” QSC-nin Mülki Müdafiə və Yanğından Mühafizə üzrə Qərərgah rəisi Əlirza Həmzəyev fövqəladə hallara qarşı hər bir əməkdaşın hazırlıqlı olmasının önəmi, o cümlədən könüllülərin rolu barədə çıxışlar ediblər. Tədbirin sonunda fövqəladə hal imitasiya edilib, böhran vəziyyətinə qarşı görülməli olan tədbirlər əyani şəkildə nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatına 1993-cü ildə qoşulub. Son illər iqlim dəyişikliyi ilə əlaqədar təbii fəlakətlərin artması, COVİD-19 pandemiyası və sosial-siyasi böhranların icmalara mövcud təsirləri səbəbi ilə təşkilat 2022-ci il Ümumdünya Mülki Müdafiə Gününü “Təbii fəlakətlər və böhranlar zamanı köçürülən əhalinin mülki müdafiəsi, idarə edilməsi, könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzusuna həsr edib. Bu məqsədlə 1 mart tarixində bütün dünyada, o cümlədən Azərbaycanda da “Təbii fəlakətlər və böhranlar zamanı köçürülən əhalinin mülki müdafiəsi, idarə edilməsi, könüllülərin rolu və pandemiya ilə mübarizə” şüarı ilə maarifləndirici tədbirlər keçirilir.